Kəskin tormoz və gaba kişi səsi eşidəndə yuxudan ayılan kimi oldu.
– Korsan nədir?
Ətrafına yığışmış adanılan və “Moskviç”dən çıxıb qəzəb dolu baxışlarla onu süzən yaşlı kişini yalnız indi gördü. Qəbahətini anlayıb utandığından deməyə söz tapmadı, qulaqlarının dibinə kimi qızardı.
– Yazıq fikirli imiş… – Kimsə bu sözləri canıyananlıqla dedi.
– Gözün görmür? – Sürücü heç cür sakitləşə bilmirdi. Amma Talihə daha heç nə eşitmədi. Ağ duman onu başdan-ayağa kimi bürüyüb hara isə apardı.
Ayılanda xəstəxanada idi. Həmin yaşlı sürücü yanındakı stulda oturub nəzərlərini ona zilləmişdi. Talihəyə elə gəldi ki, kimsə başının üstündə dayanıb küt bir alətlə onun beynini döyəcləyir. Ağrı onu halsız etmişdi. O, nə baş verdiyini öyrənmək üçün soruşdu:
– Mənə nə olub?
– Xoşbəxtlikdən yaxşı qurtarmısınız. – Gənc, yaraşıqlı həkim qız ona yaxınlaşdı. – Yüngül beyin silkələnməsini nəzərə almasaq, hər şey qaydasındadır. Bir həftəyə kimi o da keçib gedər.
Həkim sürücüyə nə isə işarə edib otaqdan çıxdı. Him-cimi Talihə hiss etdi və bu, onun qanını qaraltdı. Bu dəfə sürücü mülayim səslə dilləndi:
– Bacı, mən qaçqınam, bir çətən külfətim var, bir il işsiz qalandan sonra təzəlikcə işə düzəlmişdim. Məni işə saldın… Hər nə isə, olan oldu, keçən keçdi. Məni balalarının başına çevir.
Talihə heç nə başa düşməyib soruşdu:
– Məndən nə istəyirsiniz? Nə etməliyəm?
– İndi müstəntiq gələcək, səndən ifadə alacaq. Ona deyərsən ki, keçiddən qırmızı işıqda keçmisən, yaxşımı?
– Yaxşı.
Bu enlisifət, kəntöy adam nədənsə onun əsəblərinə təsir edirdi. İndi o, Talihəyə nə desəydi, edərdi, təki əl çəksin, təki onu danışdırmasın. Söz demək, etiraz etmək, mübahisə açmaq iqtidarında deyildi. Beyni dumanlı, fikirləri qarışıq idi.
– Mümkünsə indi məni sakit buraxın, yorulmuşam. – Bu sözləri güclə eşidiləcək səslə, az qala yalvarışla dedi.
Sürücü otaqdan çıxanda sağ tərəfdəki çarpayıda uzanmış yaşlı qadın mehriban səslə dedi:
– Eh, ay bala, bəxtin olsaydı, səni milyonçu maşını vurardı, bala-bala kasıbçılığını edərdin…
Sonra Talihənin solğun bənizinə baxıb təəssüflə davam etdi:
– İndi səni o qədər sorğu-suala tutacaqlar ki, ağrıların gözünə görsənməyəcək, canın boğazına yığılacaq.
– Nədən bilirsiniz ki?
– Məni də sənin kimi maşın vurub. Bir aydır ki, gəlib-gedənlərin əlində əsir-yesir olmuşam.
Talihə çəkmələrini haçan ayağına keçirdiyini, pencəyini geyinib otaqdan necə çıxdığını, xəstəxananın uzun dəlizindən keçib pilləkənləri necə düşdüyünü bilmədi. Başındakı dəhşətli ağrı indi onu maraqlandırmırdı. Talehin, qizlarının narahat olacaqlarını, fikir çəkəcəklərini düşünəndə qərarsız olurdu. Həm də yaman yorulmuşdu. İstədiyi yalnız sakitlik idi. Bilirdi ki, başını balışa qoyan kimi yuxuya gedəcək. İndi o, heç nəyi yatmaq qədər arzulamırdı. Amma həyatında ilk dəfə idi ki, doğma evi onu çəkmirdi. Ayaqları Talihəni hara isə başqa yerə aparırdı. Bu yerin səmti, istiqaməti ayrı idi.
Beş saatdan artıq idi ki, evdən çıxmışdı. Hara, niyə getdiyinin fərqinə varmırdı, elecə yol ölçür, küçələri dolaşırdı.
Elə hey gedir, gedirdi. Oturacağa rast gələndə bir hovur dincini alır, amma 5-10 dəqiqədən artıq oturmağa hövsələsi çatmır, yenidən qərarsız halda yoluna davam edirdi. Özü də tez-tez, tələsə-tələsə gedirdi. Elə bil haradasa, kimsə onu gözləyirdi. Eyni küçələrdən, eyni səkilərdən kim bilir, neçənci dəfə keçirdi. Elə köməksiz idi ki, özünə yazığı gəldi. “Yəqin ayranı dağılmış qarıya oxşayıram,”– deyə fikirləşdi. Bir tərəfdən qəmli fikirlər, o biri tərəfdənsə aclıq onu haldan salmışdı. Amma cibindəki pula metroya minmək üçün bircə jeton almaq mümkün idi. Ürəyində “Adamı adam eləyən paradır, parasız adamın üzü qaradır,” – deyib ac-acı güldü.